Sual 15: İmanın rükunlarını şərh et.

Cavab: 1- Uca Allaha iman:

Səni yaradanın, sənə ruzi verənin Allahın olduğuna və həmçinin Onun, yerin, göyün sahibi və bütün məxluqatı tək idarə edəni olduğuna iman etməndir.

O, ibadət olunan İlahdır, Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur.

O ən əzəmətli, ən böyük və hər bir işində kamil olan Uca Allahdır. Bütün həmd-sənalar, ən gözəl ad və sifətlər yalnız Ona məxsusdur. Onun heç bir şəriki, oxşarı və bənzəri yoxdur. O, bütün bunlardan Pak və Ucadır.

2- Mələkərə iman:

Mələkər - Allahın nurdan, Ona ibadət etmək və Onun əmrlərinə boyun əyərək, tam şəkildə yerinə yetirmək üçün yaratdığı məxluqlardır.

Bu mələklərdən biri də Peyğəmbərlərə vəhy gətirən Cəbraildir (Allahın ona salamı olsun).

3- Kitablara iman:

Onlar - Uca Allahın elçilərə nazil etdiyi kitablardır.

- Quran: Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil edilmişdir.

- İncil: İsaya (Allahın ona salamı olsun) nazil edilmişdir.

- Tövrat: Musaya (Allahın ona salamı olsun) nazil edilmişdir.

- Zəbur: Davuda (Allahın ona salamı olsun) nazil edilmişdir.

- İbrahim və Musanın səhifələri: İbrahim və Musaya nazil edilmişdir.

4- Elçilərə iman:

Onlar, Uca Allahın, qullarını öyrətmək, onları xeyir və Cənnətlə müjdələmək, həmçinin şər və Cəhənnəm əzabı ilə qorxutmaq üçün göndərdiyi elçilərdir.

Elçilərin ən fəzilətliləri: "Ulul azm" adlanan, möhkəm iradə sahibləri olanlardır. Onlar:

1- Nuh (Allahın ona salamı olsun).

2- İbrahim (Allahın ona salamı olsun).

3- Musa (Allahın ona salamı olsun).

4- İsa (Allahın ona salamı olsun).

5- Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun).

5- Axirət gününə iman:

Axirət günü, insanın öldükdən sonra qəbirdə qaldığı, qiyamət saatının qopduğu, məxluqatın yenidən diriləcəyi, onların haqq-hesab olunacağı, Cənnət əhlinin Cənnətdə öz mənzillərində, Cəhənnəm əhlinin də, Cəhənnəmdə öz mənzillərində yerləşdikləri gündür.

6- Qədərin xeyrinə və şərinə iman:

Qədər: Uca Allahın kainatda baş verən hər bir şeyi bilməsinə, baş vermiş şeyin əvvəlcədən lövhi-məhfuzda yazılmasına və onun Allahın istəyi və xəlq etməsi ilə baş verdiyinə iman etməkdir.

Uca Allah belə buyurur: ﴾Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq﴿. (əl-Qəmər surəsi, ayə: 49).

- Qədərə imanın dörd mərtəbəsi vardır:

Birinci: Uca Allahın elminə iman etmək. Bu, Allahın hər hansı bir işin həm baş verməzdən əvvəl, həm də baş verdikdən sonra daxil olmaqla əzəldən hər bir şeyi bilməsinə iman etməkdir.

Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.﴿. (Loğman surəsi, ayə: 34).

İkinci: Allahın yazısına iman etmək. Bu, Uca Allahın, insanın qədərini onun dünyaya göz açmazdan öncə lövhi-məhfuzda yazıldığına və baş verən və baş verəcək hər bir şeyin Allah yanındakı kitabda əvvəlcədən yazılmış olduğuna iman etməkdir.

Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın﴿. (əl-Ənam surəsi, ayə: 59).

Üçüncü: Allahın istəyinə iman etmək. Bu, baş verən hər bir şeyin Allahın istəyi ilə baş verdiyinə, istər Allahın etdiyi işlər, istərsə də məxluqatın etdiyi əməllər Uca Allahın istəyi ilə baş verdiyinə iman etməkdir.

Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!﴿. (ət-Təkvir surəsi, ayə: 28, 29).

Dördüncü: Allahın yaratdığına iman etmək. Bu, bütün varlıqları Allahın yaratdığına və eyni ilə Allahın, onların kimliklərini, sifətlərini, hərəkətlərini və onlarda olan hər bir şeyi yaratmasına iman etməkdir.

Buna dəlil isə, Uca Allahın bu sözləridir:“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”﴿. (əs-Saffat surəsi, ayə: 96).